Nazirin kombayn sürməsi niyə müzakirə yaradıb?
Kənd təsərrüfatı naziri pambıq yığımında kombayn sürüb.
Nazirin bölgədə kombayn sürdüyü görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.
Paylaşımların bir hissəsində istifadəçilər kənd təsərrüfatındakı problemləri xatırladıb.
İntizam Əhmədov yazır ki, "Kənd təsərrüfatı batıb, ətin qiyməti 20-25 manatı keçib".
Deniz Esqin adlı istifadəçi yazır ki, "O pambığın dibini döyənlər, təmizləyən fəhlələr (gəlinlər, anasına kömək gedən balaca qızlar, kişilər) gecə saat 3-də yola çıxır, səhər saat 6-da gəlirlər, 1 saat pomidor-çörəklə nahar edirlər, gündəlik 15 manat".
Başqa bir istifadəçi yazır ki, "Hörmətli və cənab nazir, bəlkə arada kəndlinin əlindən pambıq əkilməsi üçün alınan torpaqlar barədə də maraqlanasınız. Həmin torpaqları şoran ediblər".
Elnarə Eldar yazır ki, "Alma Qubadan 2 saatlıq yoldan Bakıya çatdırılıb, niyə 2-3 manata satılır marketlərdə? Niyə meyvə-tərəvəz öz məhsulumuz olduğu halda belə bahadır və Afrikadan gətirilən bananla eyni qiymətə satılır?"
Fərzi Əkbərov yazır ki, "Əkdiyimiz buğda, arpa ambarda qalıb, sata bilmirik. Üzüm 40 qəpik, nə rəzalətdir. Dəstək budur? Mən kənd təsərrüfatına etibar etmirəm".
Saleh Mirzəyev yazır ki, "Kombayn sürmək yox, qiymətlərin hər il artmasının qarşısını alsın. Əsas bizim halımıza ağlamalıdır".
Rəşid Məmmədov yazır "Ay nazir, əkin sahəmizə su ver, artezianlarımız quruyur".
Kərim Kərimli yazır ki, "Biri quzu götürür, biri pambıq yığır, nəticə isə 0. İmkan versinlər, özümüz öz başımıza çarə qılaq".
Muxtarlı Tuqay: Hə, vəziyyət ağırlaşan kimi olurlar "xalq adamı".
Abbas Quliyev də tənqid edənləri qınayır. "Bizdə heç nəyi bəyənmək olmur da. Kabinetdə otursa, deyəcəklər, niyə çölə çıxmırsan. Çıxıb sahəyə, yenə bəyənmirlər".
Nazirin kəndlilərin arasına çıxmasını bəyənib tərifləyənlər də olub.
Mahir İbishov yazır ki, "Mən naziri şəxsən tanımıram, amma çox eşitmişəm və apardığı işlərinə görə deyirlər çox şərəfli, savadlı, şəffaf və vətənə möhkəm sevgisi var. Çalışdığı bir məqsədi var ki, xaricdən kənd təsərrüfatından asılı olmayaq".
Münəvvər Əsgərova "Uğurlar" diləyib.
Mujgan Tagiyeva yazıb ki, "Bərəkətli olsun".



